Türkiyədən Qarabağ və Krım məsələsində prinsipial mövqe - separatçılığa növbəti zərbə

Ankaradan postsovet məkanındakı separatizmlə bağlı önəmli mesaj; Türkiyə erməniləri Xankəndindəki oyunları boykot etdi - Paşinyana şok; Ərdoğan Krımda məscidin açılışına gedəcəkmi?..
Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə ilk rəsmi səfəri yekunlaşıb. Səfər Azərbaycan üçün də önəmli sayıla biləcək bəzi mühüm məqamlarla yadda qalıb. Söhbət Ukrayna və Azərbaycanın ərazi bütövlüyü məsələsində eyni problemlərlə üzləşməsinin yaratdığı situasiya ətrafındakı gəlişmələrdən gedir.
“Türkiyə Krımın ilhaqının qanuniliyini tanımır və tanımayacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə lideri bir daha bəyan edib ki, “Krım tatarlarının hüquq və maraqlarının, milli özünəməxsusluğunun qorunması və onların öz vətənlərində yaşaması məsələsi daim Türkiyə dövləti üçün prioritet olacaq. ”Biz istəyirik ki, Donbasda konflikt tezliklə başa çatsın. Biz inanırıq ki, bu problem dinc yolla, beynəlxalq hüquq və Ukraynanın ərazi bütövlüyü əsasında həllini tapacaq. Biz Minsk prosesini və Türkiyə diplomatlarının rəhbərlik elədiyi ATƏT-in xüsusi monitorinq missiyasının fəaliyyətini dəstəkləyirik",-deyə -Türkiyə lideri əlavə edib.
*****
Qardaş ölkə Krım məsələsində təbii ki, fərqli mövqe tuta bilməzdi - baxmayaraq ki, Türkiyə ilə Rusiya arasında əlaqələr son illər hərbi sfera da daxil, əksər sahələrdə dinamik inkişafdadır. Lakin göründüyü kimi, ikitərəfli münasibətlərdəki dinamika rəsmi Ankaraya postsovet məkanında Rusiyanın əli ilə yaradılmış etnik-ərazi konfliktlərinə yanaşmada Ankaraya haqq və ədalətin, beynəlxalq hüququn yanında durmağa mane olmur. İndi artıq o da aydındır ki, Ərdoğan bu ilin sentyabrında Krımda yeni və böyük məscidin təntənəli açılışında iştirakla bağlı Putinin xahişini yerə salmalı olacaq.
Ankaranın separatçılığa və separatçılara münasibətdə, o cümlədən Dağlıq Qarabağ məsələsində belə prinsipial mövqeyin və vərəsəliyə əsaslanan siyasətinin nəticəsidir ki (Ərdoğanın Qarabağ və Krım mövqeyi həm də ölkə müxalifətinin, bütövlükdə dövlətin dəyişməz mövqeydir), Türkiyə erməniləri bugünlərdə Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan “panerməni oyunlarına” qatılmaqdan imtina ediblər. Belə ki, Türkiyə KİV-ləri xəbər verir ki, həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların İrəvanda deyil, işğal altındakı Dağlıq Qarabağda keçiriləcəyini öyrənən kimi boykot qərarı veriblər və İrəvandakı hotel və bilet rezervasiyalarını ləğv ediblər (Virtualaz.org ).
Qeyd edək ki, 1999-cu ildən etibarən hər dörd ildən bir təşkil olunan “panerməni oyunları” indiyədək İrəvanda keçirilib və Türkiyə erməniləri də həmin yarışlara qatılıb. Lakin bu dəfə oyunların İrəvanda nəzərdə tutulduğu halda Dağlıq Qarabağda keçirilməsi, - bu da şübhəsiz ki, populist baş nazir Nikol Paşinyanın növbəti siyasi hoqqasıdır, - Türkiyə erməniləri tərəfindən etirazla qarşılanıb. “Şişli” və “Taksimspor” idman klubarından 70 həvəskar idmançı da daxil olmaqla, 300 nəfərdən ibarət olan Türkiyə erməniləri heyəti son anda bu yarışlara qatılmamaq qərarı verib.
Erməni Olimpiadaları İstanbul Komitəsi başqanı Hayqaram Karasu “Milliyet” qəzetinə bu xüsusda verdiyi açıqlamanda belə deyib: “Olimpiadanın İrəvan əvəzinə Dağlıq Qarabağda keçirilməsi canımızı sıxdı. 70 idmançı olmaqla 300 nəfərlik heyətlə İrəvanda rezervasiyalarımızı etdirmişdik. Builki açılış mərasimi üçün geyimlərimizi belə hazırlatmışdıq. Ancaq Ermənistan Olimpiya Komitəsinin qərarı bizim mövqeyimizə uyğun gəlmədiyi üçün turnirlərə qatılmamaq qərarı aldıq”.
Hayqaram Karasu haqlı olaraq qeyd edib ki, tədbir üçün Dağlıq Qarabağın seçilməsi siyasi qərardır. O, hər dəfə İrəvanda keçirilən oyunlara qatılaraq İstanbulu təmsil etdiklərini xatırladıb. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana yol aça bilən bir bölgədə idman yarışları təşkil etmək artıq idman fəaliyyəti olmaqdan çıxır və siyasi addımdır. “Bizlər də bu ölkənin vətəndaşlarıyıq və müəyyən cizgilərimiz var. Azərbaycanlı dostlarımızı məyus edən diplomatik problem varsa, biz bu işin içində olmarıq. Türkiyə vətəndaşları olaraq Qarabağa getməyin yanlış olduğunu düşünürük” - o bildirib.
Garo Hamamcıyan
Öz növbəsində Erməni Olimpiadaları İstanbul Komitəsinin üzvü, “Taksimspor” klubunun başqanı Garo Hamamcıyandeyib ki, onlar boykot qərarını hansısa təzyiq və ya xəbərdarlıq nəticəsində verməyiblər. “Tamamilə öz seçimimizdir və bu yarışlara qatılmaqdan imtina etdik. Qarabağ məsələsi həssas məsələdir. Olimpiadaların gözəlliyi onun rəsmi keçid mərasimidir. Bizə dedilər ki, rəsmi keçid mərasiminə qatılmayın, amma oyunlarda iştirak edin. Bu da qəbuledilməzdir”, - Hamamcıyan əlavə edib.
*****
Əlavə edək ki, Gürcüstan və İrandan olan erməni vətəndaşlar da Xankəndindəki üzdəniraq tədbirə qatılmayıblar. Daha dəqiqi, öz dövlətlərinin xəbərdarlığını ciddiyə alaraq, işğal altındakı ərazilərə getməkdən imtina ediblər. Bu, şübhəsiz ki, rəsmi İrəvanın “panerməni” oyunları ilə güddüyü məqsədə ciddi zərbədir. Əgər göndərilən dəvətlərə rəğmən, keçirdiyin tədbirə heç bir qonşu dövlət qatılmırsa, bunun günahını gərək özündə axtarasan.
Qardaş Türkiyə başda olmaqla, regionun 3 dövləti bununla bir daha Ermənistan rəhbərliyinə anladıb ki, bölgədə dinc-yanaşı yaşamağın və tərəqqi eləməyin tək yolu qonşularla dostluq və mehribanlıq şəraitində yaşamaqdan keçir. Bundan ötrü birinci növbədə qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət tələb olunur - ki, sənin də suverenliyinə hörmət eləsinlər... /musavat.com