Venesuela quldurları bahalıqdan narazıdır - "Darağı doldurmağa 15 dollar lazımdır, sərf eləmir..."

Baxış sayı:
6499

Venesuelada dərin iqtisadi böhran səbəbindən vəziyyət gün-gündən pisləşir. İş o yerə çatıb ki, artıq ölkədə cinayətkar fəaliyyətlə məşğul olmaq da müşkülə çevrilib, cinayətkarlar başlarını götürüb ölkədən qaçırlar.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Adını açıqlamayan quldurlardan biri açıqlamasında bildirib ki, odlu silah üçün lazım olan sursatı almağa pul tapa bilmirlər.
15 güllə olan darağı doldurmaq 15 dollara başa gəlir ki, bu, görünməmiş iqtisadi böhran yaşayan Venesuela standartlarına görə ucuz deyil: ölkə sakinləri orta hesabla ayda 6,5 dollar qazanırlar. Güllələnmiş qurbanın pul kisəsi isə boş da ola bilər.
Mənbə yazır ki, ölkədəki böhran cinayətlərin sayının azalmasına gətirib çıxarıb: Venesuelada adambaşına düşən cinayətlərin sayı dünyada ən yüksək səviyyədədir, lakin keçən il bu rəqəm təxminən 10 faiz azalıb. Adam oğurluğu və soyğunçuluqla bağlı da vəziyyət eynidir.
Vacib ərzaqların və dərmanların qıtlığı 3,7 milyondan çox venesuelalını qonşu ölkələrə miqrasiya etmək məcburiyyətində qoyub. Bir çox cinayətkarlar da axına qoşulub başqa ölkələrə yola düşür və cinayət əməllərindən əl çəkərək dürüst yolla pul qazanmağa çalışırlar.
2019-cu ilin aprelində iqtisadçılar Venesuela iqtisadiyyatının dağılmasını dünya tarixində demək olar ki, görünməmiş hadisə kimi qiymətləndiriblər. Onlar bunu Sovet İttifaqının dağılması ilə müqayisə edərək ölkənin tezliklə bərpasının mümkün olmayacağını bildiriblər.
Venesuelada yaşanan iqtisadi və siyasi böhran Milli Assambleyanın lideri Xuan Quaydonun yanvarın 23-də özünü müvəqqəti dövlət başçısı elan etməsi və yenidən seçki keçirilməsi tələbini səsləndirməsi ilə pik həddə çatıb.
Quaydonun legitimliyini Latın Amerikası ölkələri, ABŞ, Kanada, Böyük Britaniya və bir çox AB ölkəsi tanıyır. Rusiya, Çin, Türkiyə, Boliviya və Kuba isə mövcud prezident Nikolas Maduronu dəstəkləyir.