Xalq şairi: “Mühacirlər öz sözlərini deməlidirlər, amma SÖYÜŞ OLMAMALIDIR”

Sabir Rüstəmxanlı: “Bu, şübhəsiz ki, Avropa dəyərləri səviyyəsində olmalıdır”
Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı zaman-zaman sosial şəbəkədə onunla bağlı aparılan antikampaniyadan danışıb.
Musavat.com-un verdiyi məlumata görə, “Yeni Müsavat”ın Facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayıma qonaq olan S.Rüstəmxanlı deyib ki, onun guya ki, deputat olan vaxt siyasi məhbuslara qarşı bir sənədə qol çəkməsi ilə bağlı iddia yayanlar var: “Ortaya bir böhtan atıblar ki, Milli Məclisdə guya bir bəyanat qəbul olunub. O bəyanatda mən də, İqbal Ağazadə də, Fazil Qəzənfəroğlu da, Qüdrət Həsənquliyev də qol çəkmişik. Həmin bəyanatda da guya siyasi məhbuslarla bağlı sərt mövqeyimiz olub. Mən 2015-ci ildən bəri parlamentdə yoxam. Ondan əvvəlki dövrdə isə iqtidarla Avropa Şurası arasında ümumi bir anlaşma olmuşdu. Mən Milli Məclisin bütün sənədlərini araşdırdım. 30 sentyabr 2014-cü ildə Avropa Parlamentinin 2014-cü il 18 sentyabr qətnaməsi ilə bağlı Milli Məclisin bir bəyanatı olub. O bəyanatda ona bənzər cümlələr var. Amma ona qol çəkmə olmayıb. Kim deyir, Milli Məclisin sənədlərinə deputatlar qol çəkir?”
S.Rüstəmxanlı eyni zamanda mühacirətdəki söyüş kampaniyasından da danışıb. Deyib ki, bu kampaniyanı qəbul etməsə də, onun bir kökünün iqtidar mətbuatına bağlı olduğunu düşünür: “Vaxtilə iqtidar qəzetləri nə şəkildə müxalifəti təhqir edirdilər? Heç nəyə gücləri çatmayanda birinin adını, digərinin soyadını dəyişdirib lağa qoyurdular. Camaatı gözdən salırdılar. İndi də bunun cavabı Avropadan gəlir. Baxıram, səviyyə elə budur. O səviyyədə danışa bilirlər. Halbuki Avropadan Azərbaycanla bağlı verilişlər verilə bilər. Mühacirlər öz sözünü deməlidir. Amma bu, şübhəsiz ki, Avropa dəyərləri səviyyəsində olmalıdır. Sözümüzün ciddiyyətinə inandırmaq istəyiriksə, söyüş olmamalıdır”.
Müsahibimiz Avropadakı mühacirlərin tənqidinə verilən qarşılığın da doğru olmadığını deyib: “Beləliklə, onların ailə üzvləri də üz tutub, Avropaya gedirlər. Nəticədə Avropaya gedənlərin sayı artır. Ölkədə dəyərli adamlarımız azalır. Eyni zamanda Azərbaycanın indiki iqtidarına qarşı olan insanların sayı artır. Onların da hərəkətləri Avropa qurumlarının diqqətini cəlb edir, bizə münasibətlərini dəyişir. Münasibətin dəyişməsi bizim problemlərimizin, xüsusən də Qarabağ probleminin həllinə mane olur, onu çətinləşdirir. Ona görə də buna birmənalı qiymət vermək mümkün deyil. Yeganə yol odur ki, hər şey qanun və qanunun aliliyi daxilində, bizim millətin ədəb-ərkan qaydaları çərçivəsində olmalıdır”.