Ağstafada bir ailədən 6 nəfəri öldürüb Türkiyəyə qaçdı, 5 il sonra təslim oldu... TIR SÜRÜCÜSÜ YAKUP YAZICININ YAXINLARI AĞLAYIR

2011-ci ildə Ağstafada bir ailədən 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza törədən TIR sürücüsü, Türkiyə vətəndaşı Yakup Yazıcının valideyinləri onun cəzasının qalan hissəsini ölkəsində çəkməsi üçün yalvarır. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sürücünün 83 yaşlı atası Zülkif və 78 yaşlı anası Meryem oğullarının qəzada "günahsız olduğunu" deyirlər. Həmin qəza 2011-ci il noyabrın 30-da, Bakı-Qazax yolunun 450-ci kilometrliyində baş verib. Ağstafa rayon Qırılı kənd sakini, 44 yaşlı Xaliq Aslanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Türkiyənin Hopa şəhəri , Başoba kənd sakini, 34 yaşlı Yazıçı Yakupun idarə etdiyi “Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobildə olan bir ailənin 6 üzvü - sürücü Xaliq Aslanov, 1929-cu il təvəllüdlü Gülüzar Aslanova, 1958-ci il təvəllüdlü Elza Aslanova, 2000-ci il təvəllüdlü Mətanət Aslanova, 2004-cü il təvəllüdlü Emin Aslanov, 2009-cu il təvəllüdlü Teymur Aslanov hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - 1981-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynur Aslanova müxtəlif xəsarətlərlə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki yaralıya tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub. Lakin Yazıçı Yakup istintaq orqanından qaçıb gizləndiyi üçün həmin dövrdə onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edib. O, 2016-ci ildə Gürcüstanda həbs olunaraq Azərbaycana gətirilib. Valideyinlərinin danışdıqlarına görə qəzadan sonra ölənlərin yaxınları TIR-a hücum edib. Yakup Yazıcı bundan qorxaraq Azərbaycandan qaçıb və Gürcüstan üzərindən Türkiyəyə keçib. O, Hopa qəsəbəsindəki evlərinə gedib, psixologiyası pozulub və gecələr kabus görməyə başlayıb. Gecələri yata bilməyən və vicdan əzabı çəkən Yazıcı daha dözə bilməyərək 5 il sonra təslim olmağı qərara alıb. O, ailəsindən xəbərsiz Artvinin Sarp srhəd-keçid məntəqəsindən Gürcüstana keçib və 2016-cı il dekabrın 28-də tutulub. Gürcüstand 9 ay həbsdə qaldıqdan sonra Azərbaycana ekstradisiya edilib. Ona 10.5 il həbs cəzası verilib. Zülkif Yazıcı deyir ki, oğlu qəzadan sonra “canının qorxusundan” Türkiyəyə qaçıb. “5 il burada əzab çəkdi. Bizdən xəbərsiz gedib təslim oldu. Övlad acısı çəkirik, bu acıya dayana bilmirik”-o deyir. “Mənim ömrümün sonuna az qalıb. Oğlumu görmək istəyirəm. Bizə yardımçı olsunlar, oğlumu Türkiyəyə gətirsinlər”-bunu isə bir ailənin 6 üzvünün ölümünə bais olan sürücünün anası deyir. “Bizə tez-tez deyirdi ki, gedib təslim olacağam. Dediyini elədi. Günahı olmasa da qəza psixologiyasını ata bilmədi. Qarşı sürücünün sərxoş olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdu. Qardaşım suçsuzdur. Dövlət böyüklərindən kömək istəyirik”-bunu isə sürücünün bacısı deyib. Xatırladaq ki, Yakup Yazıcı Gəncə məhkəməsində mühakimə olunub. Məhkəmədə günahını qismən etiraf edib. 3-ü azyaşlı uşaq olmaqla 6 nəfərin ölümünə bais olan sürücünün valideyinlərinin qəzanın qurbanlarına ağlamaqdansa oğullarının həbsdə olmasına göz yaşı tökmələri nə dərəcədə ədalətlidir?..