“AZƏRBAYCANDAKI RUSLAR BİZƏ DƏSTƏK VERMƏDİ” - Primakov Kremlin çirkin planını etiraf edir

Baxış sayı:
459

Bakıdakı artıq bağlanmış “Rus evi”-nin tabe olduğu “Rossotrudniçestvo”-nun başçısı Yevgeni Primakov Azərbaycandakı ruslardan narazılıq edib.

“RBK”-ya müsahibə verən Primakovun dediyinə görə, “Rusiya ilə Zaqafqaziya respublikası(Azərbaycan-red.) arasında münasibətlərin kəskinləşməsi zamanı Azərbaycanın rus icması öz ana vətənlərinə simpatiya göstərmədi”.

Yəni, Azərbaycan vətəndaşı olan və Azərbaycanda yaşayan digər ruslar Rusiyanın gözlədiyi kimi, Moskvaya dəstək vermədilər.

Primakov gileylənib ki, Azərbaycandakı rus icmasının nümayəndələri bir neçə bəyanatla çıxış ediblər, lakin həminn bəyanatlarında Rusiya Federasiyasını deyil, əksinə, öz dövlətləri olan Azərbaycanı dəstəkləyiblər: "Bu mövqe başa düşüləndir, çünki onların pasportu Azərbaycan pasportudur. Buna baxmayaraq, biz istərdik ki, soydaşlarımız öz ana vətənlərinə daha parlaq şəkildə simpatiya nümayiş etdirsinlər”.

O əlavə edib ki, Rusiya rusların yaşadıqları ölkələrə “başa düşülən” sədaqətilə yanaşı, guya Rusiya Federasiyasına da yaxşı münasibətinə layiqdir.

Göründüyü kimi, açıq təxribat xarakterli bu fikirlər Azərbaycandakı ruslardan Moskvaya dəstək tələbinə köklənib. Yəni, Primakov Kremlin dili ilə deyir ki, Azərbaycandakı ruslar son zamanlar Rusiyanın Azərbaycana qarşı törətdiyi təxribatlara dəstək verməli, Kreml də bundan istifadə edərək, Bakıya təzyiq göstərməli idi. Lakin bu çirkin plan baş tutmayıb və əksinə, Azərbaycandakı rus icması vətəndaşı olduqları və əsl vətənlərinə çevrilmiş Azərbaycanı dəstəkləyib.

Primakovun Azərbaycandakı ruslardan gileylənməsi həm də onun başçılıq etdiyi “Rus evi”-nin məhz ölkəmizə qarşı təxribatlara, Azərbaycandakı rusdilli insanların Moskvanın siyasi təsiri altına salınmasına xidmət etdiyinə aşkar sübutdur. Azərbaycandakı ruslardan Moskvaya “simpatiya”, Azərbaycana qarşı isə xəyanət gözləyən Primakov yəqin ki, olmayan beyni ilə başa düşmür ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda kiməsə milliyətindən, dərisinin rəngindən asılı olmayaraq, təzyiq göstərilmir. Burada rusların sadəcə rus olduqları üçün evlərinə, ailələrinə gecə saatlarında vəhşi basqınlar edilmir, onlar ailələrinin gözü qarşısında təhqir olunmurlar, qətl edilmirlər. Onlara “ne russki” kimi “qeyri-azərbaycanlı” damğası vurulmur, televiziyalarda onlara qarşı çirkin kampaniya aparılmır, ölkədən qovulmaları tələb olunmur və sair. Əksinə, onlar bütün bunların əvəzinə böyük diqqət görürlər. Onların övladları Azərbaycandakı rus məktəblərində tədris alırlar, ali məktəblərdə rus sektorunda oxuyurlar və sair. Azərbaycan Rusiyadan fərqli olaraq, kiməsə qarşı işğalçılıq müharibəsi aparmır və Azərbaycandakı rusları da küçələrdən yığıb haqsız müharibəyə - “ət maşınına” göndərmir. Əksinə, 44 günlük müharibədə xeyli sayda milliyətcə rus olan vətəndaşlarımız könüllü kimi orduya qoşuldular.

Odur ki, ruslar da daxil omaqla, Azərbaycanda bərabər hüquqlara malik olan bütün millətlərin Azərbaycana sədaqəti tamamilə başadüşüləndir. Başından böyük qələt edib Azərbaycandakı rusları təxribata çəkməyə çalışan Primakovun və onun Kremldəki sahiblərinin bu çirkin arzuları isə nifrət dolu ürəklərində qalacaq.

C.Məmmədli