"Bu şərhlər görüşün ciddiliyinə kölgə salır" - PAŞİNYAN

“Əliyevlə görüşümüzdə hansısa qalib və ya məğlubun axtarılmasına ehtiyac yoxdur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan bu özünün “Facebook” səhifəsi vasitəsilə etdiyi canlı yayımda səsləndirib.
“Əgər biz həqiqətən də bu məsələnin həllini istəyiriksə, bu məntiq olmalıdır”, - deyən Paşinyan bunun danışıqlar masasına gətirilən yeni yanaşma olduğunu vurğulayıb.
“İki ölkə liderlərinin 4 saat çəkən görüş keçirdikdən sonra bir-birindən fərqli şərhlər verməsi çox qəribə vəziyyətdir və bu, görüşün ciddiliyinə kölgə salır. Həm mən, həm də Azərbaycan prezidenti görüşü müsbət qiymətləndirdik. Eynisi ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən də edildi”, - deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, danışıqlar prosesində heç bir inqilab baş tutmasa da, hər halda müsbət keçib, tərəflərin gündəmi müzakirə etmə fürsəti olub. O, qaliblər və məğlubların axtarılmamalı olduğunu söyləyib.
Ermənistan Baş naziri bildirib ki, söhbət qarşılıqlı hörmətə əsaslanan sağlam şəraitdə aparılsa da, görüşdən sonra Azərbaycan tərəfindən səsləndirilən bəyanatlar məntiqsizdir.
“Burada bizim köhnə və yeni gümanlar problemimiz var. Vəziyyət belədir ki, prosesdən sonra tərəflər əks tərəfi bəzi məsələlərdə uğursuzluğa düçar etdiyinə dair bəyanatlar verməyə çalışır”, - deyə o qeyd edib.
Lakin Paşinyana xatırlatmaq lazımdır ki, Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən, məhz Ermənistan müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.
“Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür.
Bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”, - deyə Tonoyan təxribatçı, danışıqları baltalayan bəyanatla çıxış edib.