İRANDAKI BÖHRAN: Türkiyə və Azərbaycanın mövqeyi üst-üstə düşür – “Birgə hərbi təlimlər başlaya bilər...”

Baxış sayı:
505

İranda davam edən etirazlar ölkədə uzun müddətdir formalaşan sistemli böhranın açıq təzahürüdür. Politoloq Fərhad Məmmədovun fikrincə, hazırkı vəziyyət klassik sosial və ya siyasi narazılıqlardan fərqli olaraq, rejimin mövcudluğu məsələsini ön plana çıxaran ekzistensial qarşıdurma mərhələsinə keçib.

Onun sözlərinə görə, etirazların qanlı üsullarla yatırılması cəhdləri İran hakimiyyətinin böhranın dərinliyini dərk etdiyini göstərir. Bu mübarizədə birbaşa öz varlığı uğrunda savaşan əsas aktorlar İranın ali dini lideri Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyidir.

Politoloq qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkian formal olaraq legitim siyasi fiqur sayılsa da, real güc mərkəzinə daxil deyil və ali liderin müəyyən etdiyi gündəliyə tabe olmaq məcburiyyətindədir. Pezeşkian etirazları müəyyən qədər yönləndirməyə, kanalizə etməyə çalışsa da, onun son müsahibəsi bu cəhdlərin uğursuzluğa düçar olduğunu göstərib.

Fərhad Məmmədovun fikrincə, etirazlar artıq ilk aktiv mərhələni arxada qoyub və hakimiyyətin cavabı sərt repressiyalar olub. Lakin əsas sual qarşıdakı dövrdə ikinci etiraz dalğasının olub-olmayacağıdır.

“Etirazlar uzunmüddətli xarakter alacaqmı? Müxalifət konkret siyasi sima və alternativ təqdim edə biləcəkmi? Hazırda etirazların yalnız şahın oğlu Rza Pəhləvi ilə assosiasiya olunması prosesin dönüş nöqtəsinə çatmadığını göstərir”, – politoloq bildirir.

Onun sözlərinə görə, bu mərhələdə etirazlar hələ “qayıdışsız nöqtə” statusu qazanmayıb. Ekspert qeyd edir ki, daxili proseslərlə paralel olaraq vəziyyətə təsir göstərə biləcək ciddi xarici faktorlar da mövcuddur. Bu mərhələdə əsas aktorlar ABŞ və İsraildir.

Fərhad Məmmədov ABŞ-nin İranla bağlı məqsədlərini minimumdan maksimuma doğru belə sıralayır:

- İranın raket proqramının məhv edilməsi;

- İranın Çinin strateji müttəfiqləri sırasından çıxarılması;

- İranın regionda proqnozlaşdırıla bilən dövlətə çevrilməsi.

İsrailin məqsədləri isə daha təhlükəsizlikyönümlüdür. Politoloqun fikrincə, Suriyadan və İraqdan keçən hava dəhlizinin açıq olması İsrail üçün İranın raket potensialını maksimum dərəcədə zəiflətmək baxımından tarixi fürsət yaradır. Eyni zamanda, mümkün vətəndaş müharibəsi İranın resurslarını daxilə yönəldə bilər, lakin bu, ən riskli və proqnozlaşdırılmaz ssenaridir.

Nəticə etibarilə ABŞ və İsraili birləşdirən əsas ortaq məqsəd İranın raket proqramının sıradan çıxarılmasıdır. Politoloq hesab edir ki, etirazların real şəkildə yönləndirilməsi yalnız ali liderin və SEPAH rəhbərliyinin neytrallaşdırılması yolu ilə mümkündür və Tramp administrasiyası yalnız ikinci etiraz dalğası baş verərsə, bu ssenariyə gedə bilər.

Fərhad Məmmədov vurğulayır ki, Türkiyə İranın dağılmasında və vətəndaş müharibəsində maraqlı deyil. Ankaranın əsas məqsədi İranın “failed state”ə çevrilməsinin qarşısını almaqdır.

Bu səbəbdən Türkiyə hadisələrin ikinci mərhələsini gözləyəcək və legitim hakimiyyət – prezident və hökumətlə münasibətləri davam etdirməyə üstünlük verəcək. Lakin İran vətəndaş müharibəsinə sürüklənərsə, Türkiyə humanitar və təhlükəsizlik baxımından proseslərə reaksiya vermək məcburiyyətində qalacaq.

Politoloqun fikrincə, Azərbaycanın mövqeyi Türkiyə ilə tam üst-üstə düşür. Azərbaycan cəmiyyətində İrandakı hadisələr emosional qarşılanır, lakin dövlət səviyyəsində yanaşma rasionaldır.

“Bakı–Tehran münasibətlərinin səviyyəsi Azərbaycanın İranın daxili işlərinə qarışmasını istisna edir. Azərbaycan özü də Tehrandan daxili işlərinə müdaxilə edilməməsini tələb edir. Bu səbəbdən hazırkı şəraitdə Azərbaycanın İrana qarşı hərbi əməliyyatlarda iştirakı və ya etirazlara təsir mexanizmlərində yer alması mümkünsüzdür”, – deyə Fərhad Məmmədov vurğulayır.

O qeyd edir ki, Azərbaycan stabil və proqnozlaşdırıla bilən İranın mövcudluğunda maraqlıdır. Bakı İsraillə yüksək səviyyəli münasibətlərə, ABŞ ilə isə yeni keyfiyyət mərhələsinə keçən əlaqələrə malikdir. Lakin bu münasibətlərin gündəmində İrana qarşı hərbi əməliyyat mövzusu olmayıb və olmayacaq.

Politoloqun qənaətinə görə, əsas sual İranın bu böhrandan hansı formada çıxacağıdır. Azərbaycanın mövqeyi də məhz bu nəticələrə uyğun olaraq formalaşacaq.

Etirazlar səngiyərsə, Bakı legitim hakimiyyətlə əməkdaşlığı davam etdirəcək. Əgər İran vətəndaş müharibəsi və dövlətçilik böhranı ilə üzləşərsə, İrandakı azərbaycanlıların mövzusu tamamilə yeni məzmun kəsb edəcək və Azərbaycan öz təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif kontekstlərdə soydaşlarına dəstək verə bilər.

Fərhad Məmmədov sonda bildirir ki, hazırkı vəziyyət imkanlardan daha çox risklər yaradır və belə dövrlərdə əsas prioritet təhlükəsizliyin təmin olunmasıdır. Onun sözlərinə görə, 2026-cı ilin əvvəli Azərbaycan–Türkiyə birgə hərbi təlimləri ilə, ən azı Hərbi Hava Qüvvələri istiqamətində başlaya bilər.

Rasim Əliyev