​MAQATE rəhbəri İrəvanda: “Metsamor” təhlükəsi...

Baxış sayı:
5344

MAQATE rəhbəri Ermənistanda yalnız “Metsamor” atom elektrik stansiyasının fəaliyyəti mövzusunda danışa bilərdi. Təsadüfi deyil ki, təşkilatın rəhbəri Paşinyanla görüşdə deyib ki, atom təhlükəsizliyi sahəsində təşkilatın Ermənistanla əməkdaşlığı vacibdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Yukia Amanonun İrəvana səfəri və Ermənistanın Baş naziri Nikol Paşiyanla görüşünü şərh edərkən deyib. Politoloq bildirib ki, MAQATE sədri Ermənistandakı atom elektrik stansiyasının fəaliyyətindən narahatdır:
“MAQATE rəhbəri qeyd edib ki, təşkilat Ermənistana kömək etməyə hazırdır. Sual olunur ki, “Metsamor” atom elektrik stansiyasında hər şey qaydasındadırsa, təşkilat rəhbəri niyə Ermənistana köməkdən danışır? Deməli, MAQATE adı çəkilən stansiyanın durumundan narahatdır”.
Politoloq Ermənistanın məsuliyyətsizliyinin gələcəkdə təkcə bu ölkədə deyil, bütövlükdə regionda fəlakətə səbəb ola biləcəyini söyləyib:
“Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki nəsə olsa, nəticəsi bütün bölgəni əhatə edəcək".