“Meydan” TV kimin maraqlarına xidmət edir: Qərbin, yoxsa Rusiyanın?

Baxış sayı:
1711

Son vaxtlar Azərbaycanda ayrı-ayrı jurnalistlərin saxlanılması, bəziləri haqqında həbs qərarının çıxarılması çoxsaylı suallar yaradıb. Məsələn, “Kanal-13” internet televiziyasının direktoru Əziz Orucovun həbsi, bundan qısa müddət sonra jurnalist Əfqan Muxatarlının Gürcüstandan oğurlanıb gətirilməsi, eləcə də “Azadlıq” radiosunun keçmiş əməkdaşı Kamran Mahmudovun dünən Gürcüstana keçərkən sərhəddə saxlanılması və s. etirazla qarşılanmaqla yanaşı, müəyyən mülahizələrə də yol açıb.

Əlbəttə, ilk baxışdan görünən odur ki, bütün bu həbslərin arxasında hakimiyyətin tənqidə dözümsüzlüyü dayanır. Bu baxımdan, pərdə arxasında baş verənləri bilmədiyimizdən, toplum olaraq mövcud rejimi qınamaqdayıq. Şübhəsiz, haqsız da deyilik. Ən azı ona görə ki, söhbət azad sözün boğulmasından, insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasından gedir və ortada bu şəxslərin cinayət törətdiyini sübut edən əsaslı dəlillər də yoxdur.
 
Amma təəssüf ki, jurnalist fəaliyyəti çərçivəsində müxtəlif xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edən bəzi KİV-lər ölkədə yaranmış bu vəziyyətdən istifadə edib, öz çirkin niyyətlərini asanlıqla həyata keçirə bilirlər. Ən maraqlısı isə odur ki, bu KİV-lər müxtəlif ölkələrin maraqlarına xidmət etsə də, hər zaman Qərbin çətiri altına girməyə çalışırlar. Hətta əksər hallarda buna nail olur və üstəlik Qərb donorlarından külli miqdarda qarant da əldə edirlər. Nəticədə isə onlar bütün çirkin fəaliyyətlərinə rəğmən, “azad söz, demokratiya çarçıları”na çevrilirlər.
 
Təsadüfi deyil ki, Azərbaycana qarşı çoxsaylı çirkin planlarda yer alan bəzi KİV-lər də Rusiya, İran və s. ölkələrin xüsusi xidmət orqanlarına bağlı olmalarına rəğmən, Qərb üzərindən fəaliyyət göstərirlər. Onların ofisləri Rusiya və İranda deyil, Avropa ölkələrində yerləşdiyindən, çoxları elə zənn edir ki, guya, bu KİV-lər Azərbaycanda demokratiyanın bərqərar olmasına və ölkəmizin Qərbə inteqrasiyasına çalışırlar. Əslində isə onlar müxtəlif adlar altında pərdələnərək, bağlı olduqları kəşfiyyat orqanlarına sədaqətlə xidmət göstərirlər.
 
Son illər bu cür KİV-lərin ayrı-ayrı Avropa ölkələri ilə yanaşı, Gürcüstan üzərindən ölkəmizə qarşı fəaliyyət göstərdikləri də sirr deyil. Çünki Gürcüstan qonşu ölkə olduğundan, onlara öz çirkin niyyətlərini operativ olaraq həyata keçirməyə imkan verir. Məsələn, onlar burada Azərbaycanda əlaqədə olduqları adamlarla tez-tez görüşə və hətta lazım gəldikdə Borçalıda yaşayan müəyyən şəxslərin dəstəyindən də yararlana bilirlər...

 
Qeyd edək ki, hazırda Gürcüstanda ən aktiv fəaliyyət göstərən KİV-lərdən biri “Meydan” TV-dir. Hansı ki, bu kanal da hazırda Qərbin dəstəyini üzərində hiss edən və müxtəlif zamanlarda Avropa donorlarından yüklü qrantlar əldə edən media orqanıdır. Ən maraqlısı odur ki, “Meydan” TV-nin direktoru Emin Milli vaxtilə Azərbaycanda Rusiyameylli məmurlardan birinə yaxın olmaqla yanaşı, onun övladları ilə də dost olub. Bu səbəbdən də həmin məmurun ona zaman-zaman ciddi dəstək verdiyi haqda informasiyalar var.
 
Bəs, necə oldu ki, sonrada E.Milli Azərbaycan hakimiyyətinə qarşı çıxdı? Yoxsa bütün bunlar məqsədli bir planın tərkib hissəsidir?
 
Əvvəla, onu qeyd edək ki, adına “milli” ifadəsini yamaq etməsinə rəğmən, Emin Milli ən azı dəfələrlə rəhbərlik etdiyi KİV-də və sosial şəbəkələrdəki statusunda Azərbaycan Milli Azadlıq Hərakatının lideri, mərhum Əbülfəz Elçibəyin ünvanına hədyanlar, təhqiredici ifadələr işlətdiyinə görə millilikdən tamamilə uzaq bir şəxdir. Üstəlik, Qərbtəhsilli olmasınaq rəğmən, özünün aqressiv dəsti xətti ilə (eynən Rusiya xüsusi xidmət orqanlarına xas xüsusiyyətilə - müəl.) Qərb dəyərlərindən çox uzaq olduğunu açıq-aşkar ortaya qoyur. Odur ki, belə bir şəxsin direktoru olduğu “Meydan” TV-nin fəaliyyətinin milli maraqlarımıza xidmət etdiyini düşünmək sadəlövhlük olar. Əksinə, E.Millinin anti-Azərbaycan fəaliyyətinin arxasında daha gizli niyyətlərin olduğunu güman etmək olar...

Muxalifet.az