MOSKVADA GÜRCÜSTANIN “SSRİ-YƏ QAYITMAQ ARZUSU”NDAN DANIŞIRLAR – “Gürcü arzusu” demokratik dəyərləri necə məhv edir...

Baxış sayı:
1159

 Hər insanın düşüncə dünyasının mayasında ədalətin qələbəsinə, haqqın nahaqqa qalib gələcəyinə inam var. Bu inam insana tərbiyə, yaxud təlimlə, adət-ənənə ilə ötürülümür. Haqsızlığın ədalətə, insani dəyərlərə zidd olması nə qədər köklüdürsə, haqqın təntənəsinə olan inam da şüurumuzda o qədər dərində yerləşir. Bu hiss anadangəlmədir.

Hazırda Gürcüstanda haqqın təntənəli qələbəsinə olan inamın dayaqlarının laxladılması yaşanır. Həm də bu 300 ildən bəri hakimiyyətdən hakimiyyətə ötürülən, Rusiyadakı mövcud rejimin canına, qanına hopan, rus şovinizminə çevrilmiş Rusiyanın yeni SSRİ-yə tranformasiyası iştahından qaynaqlanır, qidalanır.

Hazırda "Gürcü arzusu" hakimiyyətinin bazasında qərar tutan iqtidar öz xalqı ilə münaqişə yaşamaqdadır və vətəndaş cəmiyyəti ilə kəskin toqquşma şəraitində Gürcüstanın oliqarx hökuməti bir-birinin ardınca beynəlxalq qalmaqallar törətməkdə davam edir. Bu yaxınlarda isə «Gürcü arzusu»nun nişangahına Ukraynalı jurnalilst Dmitri Qordon gəldi.

Belə ki, İvanişvili hökuməti Qordonu və onun həyat yoldaşı Alesya Batsmanı Gürcüstana buraxmadı.

Şübhəsiz, Qordonu buraxmamaq əmri Gürcüstan hökumətinin ən üst qismindən, birbaşa hakimiyyətin bütün sahələrinə nəzarət edən oliqarx Bidzina İvanişvilidən gəlib və bu, Ukraynanın peşəkar jurnalist fəaliyyəti və vətəndaş mövqeyi ilə bağlıdır.

Dmitri Qordon

Dmitri Qordon uzun illərdir ki, Gürcüstanın demokratik qüvvələrinin tərəfdarı olduğunu bəyan edirdi. O, dəfələrlə Gürcüstana səfər edərək Rusiya işğalı problemini qaldırıb, Rusiyanın Gürcüstan və Ukraynadakı təcavüzünə fəal qarşı çıxıb, indi də Mixail Saakaşvilinin qanunsuz həbsinə qarşı çıxır.

Məhz bu amil Gürcüstanın oliqarx hakimiyyətini qorxudur, çünki Qordon, Saakaşvili ilə müsahibəni birbaşa həbsxanadan lentə almağı planlaşdırırdı və bu, Gürcüstanın indiki hakimiyyətinə bələdiyyə seçkilərinin ikinci turunda böyük informasiya zərbəsi olardı. Əslində, Qordonun Ukraynaya qayıtmasından sonra «Gürcüs arzusu» hökumətinin əndazəsiz rəftarına görə bu zərbə ona dəymiş oldu. «Gürcüs arsuzu» iqtidarının beynəlxalq imici «yerlərdə sürünür».

Amma tanınmış, nüfuzlu və ədaləti haqsızlığın ayağına verməyən prinsipial jurnalistlər oliqarx rejimi tərəfindən "məxfi" şəkildə persona non qrata elan edilsə də, bütün zümrələrdən olan rus təbliğatçıları üçün Gürcüstana yol açıqdır.

Daria Aslamova

Maraqlıdır ki, bu yaxınlarda Rusiyanın tanınmış təbliğatçısı Daria Aslamova bir neçə həftə ərzində maneəsiz Gürcüstanı gəzib, Kremlin “beşinci kolon”u ilə görüşüb, Gürcüstanın “müsəlmanların işğalından” necə əziyyət çəkdiyi və “SSRİ-yə qayıtmaq arzusunda” olması haqda Moskvaya yalan-palan xəbərlər yazıb. Yalanın bu qədəri insanı şoka salır. Nəinki post-sovet ölkələri, hətta bütün dünya da bilir ki, rus imperializmindən əziyyət çəkən keçmiş sovet məkanı xalqları rus təhdidindən biryolluq yaxa qurtarmaq arzusu ilə alışıb-yanır. 

Ən qədim, ən hiyləgər və prinsipsiz rus təbliğatçılarından biri olan Aslamova Abxaziya və Cənubi Osetiya bölgəsində rus işğalını fəal şəkildə dəstəkləməklə, Rusiyanın Gürcüstana hərbi təcavüzünün qızğın tərəfdarı olub. Bu qadın dəfələrlə qanunsuz olaraq həm Suxumiyə, həm də Tsxinvaliyə gedib, üstəlik Kremli Gürcüstana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb ki, öz təbirincə desək, “gürcülər aclıqdan fəryad etsin”.

"Gürcü arzusu" hökuməti onu və onun kimi tanınmış rus təbliğatçıları - Olqa Skabeeva, Vladimir Pozner kimilərini ölkəyə xoş-beşlə buraxır. Əgər Gürcüstan hökuməti Mixail Saakaşvilini “dövlət sərhədini qəsdən pozan” adlandırdığı halda, hər il on minlərlə rus “təbliğatçısı” və “krımanaş”çısı işğal olunmuş Abxaziyaya qeyri-qanuni səfər edir, sonra isə sorğusuz-sualsız Tiflisə gəlirsə, bu, gürcülərin başının rus qoltuğuna soxulmağa çalışılması deyil də nədir?

Əlbəttə, bu siyasət Gürcüstan hakimiyyəti tərəfindən məqsədli şəkildə aparılır. Onlar gürcü əhalini ruslara limitsiz səlahiyyət verildiyinə və onların işğalının cəzasız qalacağına alışdırırlar. Amma digər ölkələrin nümayəndələri, yaxud oliqarxın düşmənləri isə qanun çərçivəsində cavab verəcəklər.

İvanişvili özünün Moskvadan qidalanmış "əl quzusu" siyasətçilərdən ibarət dəstəsi ilə öz ölkəsində Kremlin əməkdaşı olub. Yəqin "Qazprom"dakı aksiya paketini də bu xidmətlərinə görə əldə edib.

Bu gün Gürcüstanın vətəndaş cəmiyyəti təkcə qanunsuz həbs edilmiş Mixail Saakaşvilinin azad edilməsi üçün mübarizə aparmır. Bu, prinsipial məsələdir, bütün gürcü xalqının şərəf və ləyaqəti uğrunda, Kremlin kuklası, Bidzina İvanişvilinin əli ilə həyata keçirdiyi təcavüz və təhqirlərə qarşı mübarizədir. Hətta məsələyə prinsipial baxılsa, bu nəinki gürcü xalqının, insan hüquqlarına və dəyərlərə, ən öndə də Qafqazda sayılıb-seçilən, hörmət bəslənilən dəyərlərə sadiq qalan Qafqazlıların, sonra isə bütün insanların haqqın yanında, rus imperializminin isə qarşısında durmaq vəzifəsidir. Hər kəsin ədalətə verəcəyi borcdur.

Dünyanın istənilən yerində ədalətə rəğbət bəsləyən hər kəs bu hərəkatı dəstəkləsin. Hər kəs sosial şəbəkələrdə Mişaya azadlıq tələb etsin, hər kəs öz ölkəsindəki siyasətçiləri Gürcüstanda hakimiyyətin qanunsuzluğuna qarşı bəyanat verməyə səsləsin. Öz hakimyyətinin əli ilə ölkəsinin rus işğalına yol vermək siyasətinin qarşısı alınmasa, rus imperializmi yenidən hamımızın evinə qayıda bilər. Bizim isə başqa vətənimiz, başqa evimiz yoxdur. Dmitri Qordon Ukraynada etdiyi çıxışlarda az qala ağlamsınaraq, kövrəldiyini gizlədə bilməyərək Saakaşvilini rus işğalına qarşı müdafiə edir. Biz də bunu etməliyik. Mixail Saakaşvilinin və partiyasının qələbəsi Rusiyaya qarşı balans yaratmaq imkanı deməkdir. Bir addım kimi Saakaşviliyə qarşı terrorun dayandırılması üçün petisiya da başlatmaq olar. Haqqın qələbəsinə doğru və ikinci SSRİ layihəsinin uğurla sonuclanmaması üçün rus işğalından əziyyət çəkmiş xalqlar öz mövqeyini bu məsələdə ortaya qoymalıdır. Çünki dövlətin mənbəyi hakimiyyət deyil, xalqdır...

Qafqaz.media