"MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTAN ERMƏNİLƏRDİR, YOXSA RUSLAR?" - ""5-ci kolon" bölgədə gərginliyi artıra bilər"

Baxış sayı:
457

Ekspertlərin fikrincə, ermənilər atəşkəsi özbaşına pozmurlar, sifariş Rusiyanın “5-ci kolon”undan, ya da Gümrüdəki 102-ci bazadan ola bilər

Seçkidən sonra sərhəddə, eləcə də Rusiya sülhməramlılarının səlahiyyət bölgəsində mövqelərimizin atəşə tutulması diqqəti bu suala yönəldir: Ermənistan ordusu Rusiyanın nəzarətindədir, yoxsa tam Paşinyana tabedir? “Yeni Müsavat” yazır ki, Paşinyan seçkidə qalib gəlsə də, hələ daxildə, özəlliklə, ordu elitasında ona müqavimət var. İddialara görə, bu da əsasən, Rusiyanın “beşinci kolonu”dur. Son olaraq baş nazir Rusiyanın “beşinci kolonu”na qarşı təmizləmə işinə başlayıb.

Məsələn, bu yaxınlarda III korpusun komandanı Qriqori Xaçaturovu da işdən azad etdi. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi olan Xaçaturovu bir zamanlar həbs etdirmiş, amma Moskvanın təzyiqlərindən sonra azad etməyə məcbur qalmışdı. Atəşkəsin də əsasən, III korpusun ərazisindən pozulduğu iddia edilir. Amma belə görünür ki, Xaçaturov korpus komandanı vəzifəsindən azad edilsə də, onun (həm də Rusiyanın) hərbi birləşmələr üzərində təsirləri olduqca ciddi ölçüdə qalır. Bu korpus, Xaçaturov başda olmaqla, Rusiyaya ən yaxın qurumdur.

Bildirilir ki, Paşinyan bütövlükdə silahlı qüvvələr üzərində nəzarəti tam bərpa etməyənədək bu atəşkəsin pozulması (məşhur “atan kazaklardır” deyimi yada düşür) davam edə bilər. Son günlər Tovuz, Ağdam, Gədəbəy və digər istiqamətlərə atəş açılması, erməni tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozması halları intensivləşib. Bu hərbi təxribatların Paşinyan hökumətinin marağında olmadığı, ordu içindəki ruspərəst qüvvələrin provokasiyası olduğu iddia edilir. Əslində atəşkəsi pozulması ilə heç bir nəticəyə nail olmurlar. Sadəcə, 10 noyabr sənədinə hörmətsizlik nümayiş etdirilir. Ağdamda atəşkəsi pozulmasına görə bir hərbçimizi də yaralayıblar. Bu, həm də Monitorinq Mərkəzinin atəşkəə nəzarətlə bağlı fəaliyyətini aktivləşdirməyi zəruri edir.

Ən əsası isə Paşinyanın orduya tam nəzarəti ələ almadan sülh müqaviləsinin imzalanması real görünmür. Paşinyan bunu bacaracaqmı, Rusiya vəziyyəti istənilən an gərginləşdirmək kimi təsir mexanizmindən əl çəkərmi?

 

Qabil Hüseynli

 

Professor Qabil Hüseynli də bu fikirləri bölüşür. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan ordusu daha çox Köçəryan və Sərkisyan cütlüyünün təsirindədir. Politoloq istisna etmir ki, ordu daxilində belə generallar var: “Onlar ordu daxilində vəziyyəti Paşinyana qarşı müxalifətin və Rusiyanın ”5-ci kolonu"nun formalaşmasına gətirib çıxarıblar. Bu şəxslər fikirləşirlər ki, Qarabağın taleyi Rusiyadan asılıdır və Moskva nə deyirsə etmək lazımdı. Orduda zabitlər, yüksək rütbəli hərbçilər var ki, Paşinyanın ünvanına xoşagəlməz sözlə deyirlər".

Q.Hüseynlinin fikrincə, Paşinyan orduda təmizləmə aparmağa məcburdur: “Çünki Köçəryanın və Sərkisyanın ordusu ilə işləyə bilməz. Orduya yeni rəhbərlik gətirməlidir ki, ona itaət etsin. Erməni ordusu isə indi o halda deyil: darmadağın, başıpozuq dəstələr, özbaşınalıq...

Elə bu dəstələr də atəşkəsi pozurlar. Sadəcə, özbaşına etmirlər. Bu sifariş Rusiyadan, onun “5-ci kolonu”ndan və ya Gümrüdəki 102-ci bazadan ola bilər. Nəzərə almaq lazımdır ki, yeni qurulan Zəngəzur hərbi bazası ilə Rusiyanı Ermənistanda hərbi təsiri daha da gücləndi".

 

Ədalət Verdiyev

 

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Ermənistan tərəfinin son aylar atəşkəs rejimini intensiv pozması ordu ilə siyasi rəhbərlik arasında olan problemlərdən xəbər verir: “Hazırkı vəziyyətdə özünün alçaldılmış, əzilmiş durumunda Ermənistan ordusunun Azərbaycanın səbrini daşdırmağa çalışması İrəvanın hərbi rəhbərliyindəki şəxslərin Paşinyana qarşı fəaliyyətini bir daha nümayiş etdirir. Bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin istefası, 40 nəfər generalın Paşinyana qarşı birləşməsini xatırlatmaq yerinə düşərdi”.

Ekspertin sözlərinə görə, həmin general heyəti bu gün də aktiv fəaliyyətdədir və Sərkisyan-Köçəryan dəstəsi ilə əlaqəli şəkildə münaqişəni yenə qızışdırmağa çalışırlar: “Onlar Paşinyanın növbəti məğlubiyyətini Ermənistan xalqına nümayiş etdirməklə Nikolun ölkəni idarə edə bilməyəcəyini göstərmək niyyətindədirlər”.

Ə.Verdiyevin sözlərinə görə, atəşkəsin pozulma hallarının Paşinyan, yaxud Köçəryanın başçılıq etdiyi qüvvələr tərəfindən dəstəkləndiyi Azərbaycan üçün heç bir məna kəsb etmir: “Çünki ölkəmiz özünün ən yüksək mənəvi-psixoloji ruh yüksəkliyini yaşayır. Bizim səbrimizi daşdırmağa cəhd etməsinlər. Nəticəsi çox sarsıdıcı olacaq”.

 

Ramiyə Məmmədova

 

Siyasi təhlilçi Ramiyə Məmmədova güman edir ki, bu təxibatlarla həmin qüvvələr erməni xalqında Paşinyanın ölkəni idarə edə bilmədiyi təsəvvürü yaratmaq istəyirlər: “Hökumət formalaşandan sonra bu məsələlər tədricən yoluna qoyumalıdır. Paşinyan xarici işlər və müdafiə nazirlərini yeniləməli, ordunu silah kimi söküb təzədən yığmalıdır. Təbii ki, biz ayıq-sayıq olmalıyıq, Rusiya müttəfiqi olan Ermənistana hərbi dəstəyini davam etdirir, Zəngəzurda da nəzarəti götürüb, bütün ölkə sərhədlərinə rus hərbçilərin yerləşdirilməsi məsələsi aktualdır. Bu da gələcəkdə bizi daha diqqətli olmağa sövq edir. Çünki ruslar, ”5-ci kolon"un xidmətçiləri atəşkəsi poza, bunu ermənilərin etdiyini söyləyə, bölgədə vaxtaşırı gərginliyi artıra bilərlər. Bu, Rusiyaya lazımdır ki, gələcəkdə sülhməramlıların Qarabağın dağlıq ərazisində daha uzunmüddətli qalmasına rəvac versin".

Ekspertin sözlərinə görə, erməni ordusu içində xaçaturovlar, separatçı rejimin daxilində balasanyanlar hər zaman qanunsuz hərəkətlərini davam etdirməyə çalışacaqlar: “Biz dəqiqləşdirə bilmirik ki, Ağdamda mövqelərimizi atəşə tutan Qarabağdakı silahlı erməni dəstələridir, yoxsa Ermənistan silahlı qüvvələri tərəfindən bu təxribatlara əl atılır. Sülhməramlılar gəldiyi gündən sülhyaratma prosesini, atəşkəsə nəzarəti deyil, ermənilərin dərd-sərini çəkirlər. Halbuki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən bölgədəki qanunsuz erməni hərbi birləşmələr sülhməramlı kontingentin yerləşməsinə paralel olaraq çıxarılmalı idi./azpolitika.info