Nazarbayev-Putin görüşü Qazaxıstanda hiddət doğurdu – Ölkədən çıxışına qadağa qoyulması təklif edilir

Baxış sayı:
241

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü Astanada birmənalı qarşılanmayıb.

Qazaxıstan mediasının məlumatına görə, bir sıra deputatlar Nazarbayevin xarici səfərlərinə qadağa qoyulmasını tələb ediblər.

Parlamentin deputatı Yermurat Bapi bildirib ki, milli təhlükəsizliyin qorunması məqsədilə dövlət sirlərinə malik keçmiş yüksək vəzifəli şəxslərin xaricə səyahətinin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Onun sözlərinə görə, bu məsələ ictimai və siyasi müzakirə predmetinə çevrilməlidir.

Yermurat Bapi sosial şəbəkə hesabında yazdığı paylaşımda Nazarbayevin Moskvaya səfərini sərt tənqid edib.

Deputat bildirib:“Bu, necə də təlaşlı bir tələsiklikdir?! Bu, sadəcə bir vaxtlar xalqa hökmranlıq edən və əmr verən, amma indi onların onu qorumayacağını başa düşən bir insanın alçaldıcı davranışıdırmı? Əlbəttə ki, bu cür dilənçilik Qazaxıstan və ya qazaxlar üçün narahatlıqdan irəli gəlmir, həmişəki kimi şəxsi maraqları təmin etmək üçün bir istəkdir”.

Deputat vurğulayıb ki, dövlət sirlərinə malik şəxslərin ölkədən kənara çıxışının məhdudlaşdırılması milli təhlükəsizlik baxımından zəruridir. Onun sözlərinə görə, keçmiş prezident, nazir və ya digər yüksək vəzifəli şəxs olmasından asılı olmayaraq, bu kateqoriyaya aid şəxslərin xaricə səfərləri qanunla tənzimlənməlidir.

“Buna görə də, dövlət sirlərini bilən şəxslərin – istər keçmiş prezident, istər nazir, istərsə də digər vəzifəli şəxs olsun, milli təhlükəsizliyi təmin etmək məqsədilə xaricə səyahət imkanını tənzimləyən qanuna həqiqətən ehtiyac var”, – deyə Bapi qeyd edib.

Deputat əlavə edib ki, o, bu məsələni Çində tətbiq olunan mühacirəti məhdudlaşdıran qanunların beynəlxalq öhdəliklərə və dövlətlərarası konvensiyalara nə dərəcədə uyğun gəldiyi kontekstində qaldırır. Bapi bildirib ki, parlament üzvləri də dövlət sirri ilə bağlı tələblərə əməl etməyə borcludurlar.

“Milli təhlükəsizlik maraqları naminə onun və Kojamjarov kimi digərlərinin ‘qırmızı xəttini’ müəyyən etmək mümkün olmazdımı? Kremlin belə bir addımın siyasi nəticələrini necə qəbul edəcəyini bilmirəm, amma keçmiş prezidentin bu cəhdlərini Qazaxıstanın dövlət hakimiyyəti orqanlarına və xalqına qarşı güc nümayişi kimi qəbul edə bilərikmi?”, – deyə deputat fikirlərini yekunlaşdırıb.