Putinin Zelenskiyə şok atmacası: Nədə haqlıdır?

Rusiya prezident Vladimir Putinin Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan xoşu gəlməsə də, ona o qədər ilişmirdi. Amma Ukraynanın yeni seçilən və hələ heç andiçməsi olmayan yeni Prezident Vladimir Zeneskiyə hər gün söz və atmaca atır, bəzən jurnalistləri yanına çağırır, növbəti mesajını Kiyevə yollayır.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin Zelenski ilə bağlı açıqlamalarına münasibətində qeyd edib. E.Şahinoğlu bildirib ki, Zelenski də bu atmacaları cavabsız qoymur:
“Zelenskinin sonuncu dəfə istirahət etdiyi Bodrumdan göndərdiyi mesajı beləydi ki, Ukrayna Rusiyadan demokratik ölkədir, azad seçki var, insanlar Rusiyadakından fərqli olaraq fikirlərini azad ifadə etdiklərinə görə həbsə atılmırlar. Putin bunu cavasız qoymadı və ənənəvi acı yumorundan da qalmadı: “Ukraynada bu qədər azadlıq və demokratiya varsa, Zelenskiyə təklif edirəm ki, gürcü və eyni zamanda ukraynalı olan Mixail Saakaşvilini ölkəsinə buraxsın”. Putinin nə demək istədiyi aydındır. Poroşenko Saakaşvilini Ukraynadan deportasiya etdi. Yeni Prezident Zelenski seçkidən əvvəl Saakaşvili haqqında müsbət fikir söyləsə də, keçmiş Odessa qubernatorunun Ukraynaya qayıtması ilə bağlı hələ konkret fikri yoxdur. Yəni Putin demək istəyir ki, sən o qədər demokratsansa, Saakaşvilinin Ukrayna girişinə razılıq ver. Beləliklə, Putin ilk gündən Zelenskinin gözünün odunu almaq istəyir. Hətta səfər etdiyi Çində keçirilən mətbuat konfransında “Bir kəmər, bir yol” layihəsindən çox, Ukraynadan və Zelenskidən danışdı”.
Politoloq vurğulayıb ki, bir məsələdə Putinin o qədər də haqsız olmadığını söyləmək məcburiyyətindədir:
“Bəli, Putinin Donbas və istənilən Ukrayna vətəndaşına Rusiya vətəndaşlığını və pasportunu vermək təşəbbüsü qonşu dövləti parçalamaq məqsədi daşıyır. Ancaq Putinin “Avropanın bu məsələ ilə bağlı tənqidinə münasibətiniz necədir” sualına verdiyi cavab maraqlıdır: “Avropa niyə etiraz edir ki? Polşa və Macarıstan da Ukrayna vətəndaşlarının bir qisminə öz pasportlarını verir”. Putin bu məsələdə haqlıdır. Ukraynanı yalnız Kreml parçalamır. Macarıstan Zaporojyedə yaşayan macar azlığa pasportlarını paylayır. Kiyev neçə dəfə Budapeştə etiraz etsə də, nəticəsi olmayıb. Rumıniyanın da oxşar təşəbbüsləri var”.