Yıldırım məğlubiyyətini həzm etmək istəmir - "Etiraz edəcəyik"

AKP sözçüsü Ömer Çelik Ankara və İstanbul şəhərlərində seçki qutularından çıxan nəticələrlə say-hesab vərəqələri arasında "uyğunsuzluq" ortaya çıxardıqlarını, "etiraz etmələrinin təbii bir şey olduğunu" söyləyib.
Ömer Çelik AKP-nin qərargahında dediyi qiymətləndirmədə "Qanuni proses gedir. Bu prosesə hər kəs hörmətlə yanaşmalıdır. Mərkəzi Seçki Komissiyası bu prosesi hüquq çərçivəsində aparacaq. Biz seçki qutusuna atılan hər səsin izindəyik" deyib.
Ekrem İmamoğlu rəsmi Twitter hesabında məlumatlarını "İstanbul Büyükşehir Bələdiyyə sədri" olaraq dəyişdirdi və "bu işin riyazi mərhələsi başa çatdı" sözləriylə sədrlik yarışında qazandığını elan etdi.
CHP-nin seçki-koordinasiya mərkəzində mətbuat konfransı keçirən Ekrem İmamoğlu "Tez bir zamanda İstanbulda xidmətə başlamaq istəyirik. Cənab prezidentin də tez bir zamanda bu prosesin başlanmasını dəstəkləməsini diləyirəm" deyib.
Binali Yıldırım: "Aradakı fərqdən 10 dəfədən çox ləğv edilən səslər var"
Binali Yıldırım prosesin burada bitmədiyi mesajını verib.
"Bu nöqtədə Ekrem İmamoğlu bizdən daha çox səs toplamış kimi görünür" deyən cənab Yıldırım açıqlamasının davamında isə Ekrem İmamoğlu ilə aralarındakı səs fərqinin "10 dəfəsindən artıq" səsin ləğv edildiyini vurğulayıb, "bəzi qanunsuzluqlar, səhv daxiletmələr" müəyyənləşdirildiyi üçün nəticələrə etiraz edəcəklərini qeyd edib.