2020-ni Bakıda atəşfəşanlıqla, Bulvarda şampanla qeyd edənlər, Qarabağı, erməni əsirliyində olanları xatırladınızmı? - SİZİ SEVİNDİRƏN NƏ İDİ?

Baxış sayı:
4258

Dünənki bayram atəşfəşanlığında sevinən insanlara və ermənilərə baxıb düşündüm. Doğrudur, həyat davam edir, müharibənin nə olduğun anlamayan, Qarabağ müharibəsini görməyən, uşaq və yeniyetmələrin şənlənməsi təbiidir. Amma istər–istəməz erməniləri bizimkilərlə müqayisə etdim. Məğlub dövlət biz yox, Ermənistan olsaydı, görəsən ermənilər bizim vəziyyətimizdə olsaydı, onların da gəncləri elə bu tərzdə əylənərdilərmi? Yeni nəsil 25 il bundan əvvəlki Qarabağ hadisələri barədə arxivlərdən, video materiallardan xəbərdar olsa da, öncəki nəslin yaşadığını yaşamadı, məncə Qarabağ davası ona yaddır. O vaxtki qaçqınların burada doğulan yeni nəsli Qarabağa ən azından valideyinlərindən daha uzaqdır. Onlar özlərini Qarabağlı hesab edirmi?

Onsuz da rus imperiya maraqlarının azaldıb-kiçiltdiyi, onsuz da az qalan Azərbaycan ərazilərinin daha bir 20% -i 30 ildir ki, işğal altında qalan, işgəncələrlə öldürülən uşaqların, ermənilərin zorladığı qız-gəlinlərin qisasını almamış xalqa, dövlətə, bunların heç biri olmamış kimi, on minlərlə manatı israfçılıqla havaya sovurub atəşfəşanlıq etmək yaraşmır, heç yaraşmır...Elə bir vurhavur, partapart, atəşfəşanlıq etdilər ki, sanki, Xankəndi, Şuşa, Əsgəran, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Ağdərənin qisası alınıb...
Hələ şampan butulkasını götürüb bulvara gedən, bunu Facebookdan paylaşanlar, düşünün, erməni əsirliyində olan azərbaycanlı əsirlər yeni ilə necə keçdilər? Zorlanmış, ermənilərin tapdağında olan azərbaycanlı qadınlara erməni əsgərləri necə davrandı?     
“Həmvətənlər”, torpaqları almayana qədər, “əziklik” kompleksindən qurtara bilməyəcəksiz, Avropaya, Rusiyaya, Amerikaya “aşağıdan yuxarı” heyranlıqla baxacaqsınız. Dövlət diplomatiyadan istifadə edə bilər, ama vətəndaşlar və sıravi əhali yox. Xalq hər şeyi dövlətdən gözləməməlidir, ermənilərin xaricdə olan hissəsi öz ölkələri üçün Ermənistandan daha çox çalışır, dövlət onlara kömək etmir, əksinə onlar dövlətlərinə kömək edirlər.

Dünən ermənilər də atəşfəşanlıq etdi və onlar bunu edərkən haqlıydı. Rusiyanın köməyilə, İrəvan, Zəngəzur, Göyçə və s. ərazilərimizi ələ keçirib özlərinə dövlət qurdular, həm də özünə müstəqil, dünyanın ən güclü ordularından birinə sahib olduğu deyilən, neft-qaz kimi resurslara sahub olan Azərbaycanın 20% ərazisinə nəzarət edtiyi üçün, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə apardıığı və bunu da dünyanın gözündə əsaslandırdığı üçün, işğal olunmuş əraziləri taladığı üçün şadyanalıq edirlər, Xankəndində yallı gedirlər, tədbirlər keçirirlər, rəsmən tanınmasa da xarici nümayəndələr Qarabağa gedən yolu su yoluna çeviriblər, sərbəst şəkildə gedib gəlirlər, biz qondarma desək də bu əraziyə ermənilərin icazəsi və dəvəti ilə gedib gəlirlər. Bizsə ATƏT-in ağzına baxırıq, görən onlar sözdə bizə necə təskinlik verirlər.

İndi ermənilər bu saydıqlarıma görə sevinirlər, bəz siz niyə sevinirsiniz? 2020-ci ilə də məğlub, Qarabağsız, Şuşasız, Xocalısız, Kəlbəcərsiz, Ağdamsız qədəm qoyduğunuz üçün? Yoxsa artıq məğlubiyyət, əziklik, “aşağlıq” psixologiyasını qəbul edib, işğalla barışdığınız üçün? Bu sual hər bir azərbaycanlını düşündürməlidir, çünki torpaqlar alınmasa, ermənilər dayanmayacaqlar. Onlar saytlarında artıq Naxçıvana iddialar irəli sürürlər, Rusiya kimi havadarları da var, bizsə hələ yatırıq. Çünki, məğlub deyil, qalib olmaq üçün çox çalışmaq lazımdır, tənbəllikdən, rahat əhlikef həyat tərzindən başımız açılmalıdı. Unutmayın, torpaqlarımızı ermənilərin ələ keçirməsini təmin edən Rusiya oldu, bizi udmamağı üçün, sağ qalmaq üçün döyüşməliyik, yalnız səngərdə yox, hər sahədə, hər tərəfdə, bütün müstəvilərdə!        

Ülviyyə ŞÜKÜROVA