Bu şəxslər parkinqlərdən pulsuz istifadə edəcək

Baş nazir Novruz Məmmədov “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nə təsdiq edib.
Qaydalar “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq hazırlanıb və fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir.
- Parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar;
- pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXIII hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması.
Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər.
Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.
Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.
Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.
Qeyd edək ki, fərdi parklanma talonu sürücülərə yaşadığı ərazinin yaxınlığındakı parklanma yerindən pulsuz istifadə etmək üçün veriləcək.