"Cabir 012" ləqəbli "avtoş"un ölümü ilə bağlı məhkəmə başladı: həbs edilən şəxs özünü günahkar bilmir

Baxış sayı:
3622

"Cabir 012" ləqəbli avtoşu öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifovun barəsindəki cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. E.Şərifov özünü təqsirli bilmədiyini, günahsız olduğunu deyib və bildirib ki, hadisə baş verən yerdə olmayıb, hadisəni törətməyib. Şərifov istintaqdakı ifadələrin ona məxsus olmadığını deyib və bildirib ki, imzalar da onun deyil.

Hakim bildirib ki, təqsirləndirilən tərəf bunu yazılı şəkildə məhkəməyə təqdim etməlidir. Bu səbəbdən də məhkəmə iclası təxirə salınıb. Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.

İttihama görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.

Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə təsadüfən Cabirə tuş gəlib.

İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Cabir Babayev sosial şəbəkələrdə və “youtube”də “avtoş” kimi tanınıb. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub./Musavat