Elman Rəfiyev: "İnanıram ki, teatrlarda böyük dönüş yaranacaq"

"Ölkə prezidentinin sərəncamı bizi çox sevindirib. Əslində bu vəsaitin bütün teatrlar kimi Pantomima Teatrına da ayrılmasından fərəh hissi duyuram. Təbii ki, ayrılan vəsait teatrların maddi-texniki bazasının yaxşılaşdırılmasına xidmət edəcək".
Bu fikirləri Open.az-a açıqlamasında Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.
Onun sözlərinə görə müasir texnologiya günü-gündən inkişaf edir və teatra gələn tamaşaçı müasirliyə uyğun tamaşaları seyr etmək istəyir: "Sərəncamda belə bənd qeyd olunub ki, bu vəsait Azərbaycanda teatr sənətinin inkişafına ayrılıb. İnkişaf səviyyəli, keyfiyyətli tamaşaların meydana çıxması ilə mümkündür. Belə tamaşaların teatr səhnələrində oynanılması maddi-texniki bazanın gücləndirilməsi hesabına başa gələcək. Güman edirəm ki, teatrlarımızda yeni, insanları heyrətləndirə biləcək tamaşalar səhnəyə qoyulacaq. Əməkdar artist kimi özümün və Pantomima Teatrının kollektivi adından Prezidentə təşəkkürümü bildirirəm. Ölkə başçımız hər zaman incəsənət xadimlərini diqqət mərkəzində saxlayır. Hər bir dövləti siyasətlə, incəsənət və idmanla tanıyırlar. Bu sərəncam Prezidentin mədəniyyət və incəsənət xadimlərinə qayğı və diqqətinin ikinci nümayişidir. İlk sərəncam teatr xadimlərinin maaşlarının artılması sahəsində oldu. Bütün həmkarlarımı təbrik edirəm. İnanıram ki, teatrlarımızda böyük dönüş əmələ gələcək və tamaşaçılar sevə-sevə teatr salonlarına üz tutacaqlar".
Qeyd edək ki, prezident İlham Əliyev aprelin 17-də "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min manat ayrılıb.