Fazil Mustafa: “Bütövlükdə bu yeniliklər cəmiyyətə yeni bir ab-hava gətirdi”

Baxış sayı:
6694

Siyavuş Novruzov: “Prezidentin praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanıb”

2018-ci ilin 11 aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərinin 1 ili tamam olur. Həmin gün keçirilən seçkilərdə  İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Ötən bir il ərzində, xüsusilə də 2019-cu ilin ilk günlərindən başlayaraq ölkə vətəndaşlarını məmnun edən çox ciddi addımlar atılıb. Bir çox müşahidəçilər hesab edir ki, son bir il ərzində Azərbaycanda həyata keçirilən islahatlar inqilabi xarakter daşıyır. Hətta ölkəmizdə inqilabın yuxarıdan - prezident tərəfindən başladıldığı barədə yanaşmalar da mövcuddur. Ötənilki seçkilərdən sonra dövlət başçısı özünün komandasında ciddi şəkildə dəyişikliklər etdi, yeni baş nazirin təyin olunması ilə bağlı sərəncam verdi, həmçinin bir sıra qurumların rəhbərləri dəyişdirildi, struktur islahatlarına gedildi. Prezident seçkiləri ərəfəsində bəyan olunan istiqamətlərlə bağlı atılan addımlar əhalinin əksər kateqoriyaları tərəfindən razılıqla qarşılanır. Ekspertlər də prezidentin son bir illik fəaliyyətinə yüksək qiymət verirlər. Hesab olunur ki, ötən bir il əslində inqilabi dəyişikliklər ili kimi tarixdə qalacaq.

“2018-ci ilin 11 aprelində böyük səs çoxluğu ilə ölkə prezidenti yüksək kürsüyə oturandan sonra onun ilk addımı və davamlı addımı şəhid ailələrinə vəsaitin verilməsi barədə oldu. Burdan başlayaraq mesaj verdi ki, cəmiyyətin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılacaq”.

Bu fikirləri BQP başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında söylədi. Bildirdi ki, ötən bir il ərzində islahat xarakterli çox ciddi addımlar atıldı: “Bu, təkcə struktur islahatı ilə bağlı deyildi, kadr islahatı ilə də bağlı idi. Demək olar ki, prezidentin təyin etdiyi kadrların böyük çoxluğu cəmiyyət tərəfindən normal, rəğbətlə qarşılandı. Aralarında bir-ikisi etimadı doğrultmadı. Amma bütövlükdə bu yeniliklər cəmiyyətə yeni bir ab-hava gətirdi. Yanvar ayından başlayaraq, sosial sahədə bu qədər islahatların aparılması, əhalinin müxtəlif təbəqələrinin yükünün azaldılması istiqamətində atılan addımlar da müsbət qiymətləndirilməlidir”.

Deputat bildirdi ki, prezident beynəlxalq siyasətdə də çevik, diplomatik fəaliyyətləri davam etdirdi: “Dağlıq Qarabağ məsələsi ilə bağlı yenə də ən ali tribunalardan Azərbaycanın problemini gündəmə gətirdi, danışıqlarda ölkəmizin maraqlarını yüksək səviyyədə təmsil etdi. Hesab edirəm ki, bu məsələlər hamısı Azərbaycanın gələcəyi üçün normal bir zəmin hazırlamaq baxımından faydalıdır”.

 

F.Mustafa xüsusilə məhkəmə-hüquq islahatları ilə bağlı prezident fərmanına diqqət çəkdi: “Əgər məhkəmədə olan korrupsiyalaşmış qruplar tərəfindən əngəllənməsə, bu istiqamətdə atılmış addımlar çox böyük nəticələr verə bilər. Ümid edək ki, bu işlər uğurla yekunlaşacaq. Çünki əhalini ən çox narazı salan hüquq-mühafizə və məhkəmə sistemində olan problemləri tənzimləmək vacibdir ki, ölkədə ədalətsizlik mühiti ortadan qalxsın”.

Deputat sonda qeyd etdi ki, seçkilərdən keçən bir il ərzində prezident daha böyük fundamental dəyişikliyin əsasını qoydu.    

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanıb: “Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli prezidenti olduğunu təsdiqləyib. ”Hər bir məmur xalqının xidmətçisi olmalıdır" deyən, hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkib".

Картинки по запросу AP icra katibinin müavini, deputat Siyavuş Novruzov

S.Novruzov bildirdi ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızın “Doing Business 2019" hesabatında da ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib: ”Azərbaycan bu hesabatda dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib".

S.Novruzov dedi ki, prezident bu dəfə də xalqın səsinə səs verərək, problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı: “Bununla da 100 minlərlə vətəndaşımızın çiyinlərindəki ağır maddi yük qaldırılmış oldu. ”Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı dövlət başçımız bir daha öz yüksək humanizmini və prinsipial mövqeyini ortaya qoydu. 2019-cu ilin 16 martında əfv sərəncamı  431 nəfərə şamil edildi. Bu humanist addım birmənalı şəkildə ictimai sülhə, vətəndaş həmrəyliyinə xidmət edərək cəmiyyətimiz tərəfindən hər zamankı kimi öz yüksək qiymətini alıb". 

“Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan ”Opinion Way" şirkətinin Azərbaycan prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı ölkəmizdə çoxsaylı respondentlərin iştirakı ilə keçirdiyi sorğunun nəticələri real ictimai rəyi əks etdirir".

Bu fikirləri isə AzərTAc-a açıqlamasında siyasi ekspert, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, prezident İlham Əliyevin son bir il ərzində gördüyü işləri respondentlərin 85,1 faizinin müsbət dəyərləndirməsi dövlət başçısının həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən dərk edildiyini və yüksək dəyərləndirildiyini nümayiş etdirir. Müsbət dəyərləndirmə, əslində görülən işlərin müsbət nəticələrinə verilən qiymətdir./musavat.com