Koalisiya qüvvələri Sanaya havadan HÜCUM ETDİ

Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində Husilərə qarşı hava hücumu həyata keçiriblər. Şahidlərin verdiyi məlumata görə, koalisiya qüvvələrinə məxsus təyyarələr Husilərin nəzarəti altındakı paytaxtın şimalında bir plastika fabrikasını vurublar. Hava hücumu nəticəsində böyük bir yanğın baş verdiyi bildirilir.
Husilərə məxsus Əl-Məsirə kanalının verdiyi xəbərə görə isə, koalisiya qüvvələri plastika fabrikası və Beni əl-Haris məhəlləsindəki bir vətəndaşın evinə 3 hava hücumu ediblər. Məlumatda ölən və yaralananların olub-olmadığı barəsində informasiya verilmir.
Səudiyyə Ərəbstanına məxsus Əl-İxbariyyə kanalının koalisiya qüvvələrinə istinad elədiyi xəbərdə isə pilotsuz uçuş aparatının istehsalı üçün istifadə edilən məkan ilə onların havaya uçduğu deponun hədəfə alındığını bildirib. Səudiyyə kanalı Husiləri ballistik raketə malik olmaqda, PUA və mina istehsalı üçün dinc yaşayış məntəqəsindən istifadə eləməkdə ittiham edib.