Müəllimin iflic etdiyi şagirdin atası danışdı - Hüseynalı Abdıyev: “Bizim işimiz hazırda polisdədir...”

Baxış sayı:
12746

Xəbər verdiyimiz kimi, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlu tarix müəllimi Vaqif Cəfərov tərəfindən vəhşicəsinə döyülüb.
Bu haqda Muxalifet.az-a məlumat verən şagirdin yaxınları deyir ki, hadisə təxminən iki ay əvvəl baş verib. V.Cəfərov məktəblinin başına çox ağır zərbə endirdiyindən o, iflic olub və 2 aya yaxın xəstəxanada yatıb. Hazırda da hərəkət edə bilmir, yataq xəstəsinə çevrilib(Ətraflı bu linkdə:
Müəllim tərəfindən başına zərbə endirilən şagird iflic oldu).
Məsələ ilə bağlı Muxalifet.az-a danışan şagirdin atası Hüseynalı Abdıyev bildirdi ki, oğlunun məktəbdə döyülməsi faktı ilə əlaqədar olaraq polisə müraciət olunub, hazırda araşdırma gedir: “Bizim işimiz hazırda polisdədir, araşdırma gedir. İnşallah, araşdırmanın nəticəsi ilə bağlı mən sizə məlumat verəcəm”.
H.Abdıyev oğlunun məktəbdə döyülməsi ilə bağlı məsuliyyət daşıyan hər bir şəxsin öz cəzasını çəkəcəyinə inanır: “Kimliyindən asılı olmayaraq hər kəs öz cəzasını çəkəcək”.
Hüseynalı Abdıyev onu da dedi ki, bir müddət əvvəl Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan qızı da dərs zamanı döyülüb: “Bu hadisədən bir müddət əvvəl qızım da dərs zamanı döyülmüşdü. Belə ki, sinif yoldaşının anası dərs vaxtı sinif otağına daxil olaraq qızımın saçından tutub şillələmişdi. Mən həmin vaxt məktəb direktoru Zaur Ələkbərova dedim ki, axı siz necə rəhbərlik edirsiniz, belə şey olar, bu harda görünüb...”.
Onun sözlərinə görə, oğlunun məktəbdə müəllim tərəfindən döyülməsi xəbərindən sonra da Zaur Ələkbərova öz iradını bildirib: “Mən dedim ki, Zaur müəllim, siz boşluq yaratmısınız, ona görə belə hadisə olub”.
Yeri gəlmişkən onu da qeyd edək ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlunun döyülməsi ilə bağlı informasiya saytımızda işıq üzü gördükdən sonra direktor Zaur Ələkbərov redaksiyamıza zəng açaraq, sözügedən şagirdin başqa səbəbdən xəstəxanada yatdığını bildirmişdi.
Lakin İbrahimin atası əməkdaşımıza bildirdi ki, direktor məsuliyyətdən yayınmaq üçün belə açıqlama verib. O, oğlunun tarix müəllimi Vaqif Cəfərov tərəfindən başına ağır zərbə vurulduğu üçün xəstəxanaya düşdüyünü vurğuladı.

 

 

Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.