SİQARET, İÇKİ SATIB, VERGİSİNİ QƏZETLƏRDƏN ALMAQ İSTƏYİRLƏR… - "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC çap mediasını çökdürməyi qarşıya məqsəd qoyub…

Baxış sayı:
685

Bir neçə il əvvəl Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı.

Hurriyyet.az xatırladır ki, həmin vaxt Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-yə məxsus ticarət obyektlərində aksiz markası olmayan siqaretlər və təyinatdan kənar mallar aşkarılanmışdı. Həmin vaxt MMC rəhbərliyi iddia edirdi ki, onlar “qəzet satışı” ilə məşğul olduğundan və KİV-lər Əlavə Dəyər Vergisindən azad edildiyindən, Vergilər Nazirliyinin iddiası əsassızdır…

Həmin vaxt bu məhkəmə çəkişməsinin necə bitməsindən asılı olmayaraq, qeyd edək ki, "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-nin çap mediasının adından istifadə edərək böyük biznes şəbəkəsi qurması, buna rəğmən, qəzetləri satmağa heç bir maraq göstərməməsi redaksiyalarda heç vaxt gündəmdən düşməyən müzakirə mövzusudur. Söhbət ondan gedir ki, bu qurum ölkədə qəzetlərin tirajının sürətlə ölməsində ən böyük səbəbkarlardan biridir. Hansı ki, redaksiyaların satış problemi məhz metroda qəzet köşklərinin fəaliyyətinin dayandırılması və əvəzində "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-nin fəaliyyətə başlaması ilə daha da ağırlaşdı. Bununla belə, MMC rəhbərliyi qəzetlərin cüzi gəlirinə də göz dikib.

Əldə etdiyimiz məlumata görə, Vergilər Departamenti tərəfindən siqaret, içki və digər məsullar satmasına baxmayaraq ƏDV ödəməyən "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC 40 min manat həcmində cərimələnib. Bu baxımdan, qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır.

Belə ki, "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-dən qəzet redaksiyalarına bildirilib ki, artıq qəzet redakskiyaları satış gəlirinin 40 faizini deyil, 50 faizini verməlidirlər. Maraqlıdır ki, Bakıda qəzet satışı sahəsini monopoliyaya alan sözügedən MMC, onları çantaj edərək, redaksiyalarla müqaviləni məhz bu cür absurd təkliflər əsasında yeniləmək istəyir.