Ali Məhkəmə aktrisa ilə teatr direktorunun çəkişməsi üzrə qərar verdi

Baxış sayı:
3427

Ali Məhkəmədə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkil Gülşən Salmanova bildirib ki, hüquqlarını müdafiə etdiyi - teatrın aktrisası Şəbnəm Cəbrayılovanın işə bərpa edilməsi və maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi qərarından verilən şikayətə hakim Aqil Abbasovun sədrilyi ilə baxılıb.

Məhkəmə iclasında qərar elan olunub.

Qərara əsasən, direktorun kassasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə aktrisası Ş.Cəbrayılovanın işə bərpa edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, iddiaya əsasən, 2019-cu ilin avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev əvvəlcədən məlumat vermədən onu işdən azad edib. İşdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.

Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edib.

Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edərək, Ş.Cəbrayılovanın vəzifədən azad edilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əməkhaqqına görə maddi zərərin əvəzinin ödənilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan İ.Piriyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.

İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır./report