ELXAN MƏMMƏDOV DA “TROL ORDUSU” SAXLAYIR... – AFFA-nın İcraçı vitse-prezidenti Əli Həsənovun yolunu davam etdirir...

Baxış sayı:
508

AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovun Azərbaycan futbolunu zəlil günə salması haqda “Hürriyyət”də dəfələrlə yazmışıq. Qeyd etmişik ki, bu şəxs ölkə futbolunun inkişafı qarşısında ən böyük maneəyə çevrilib. Söhbət ondan gedir ki, son illər Azərbaycan futbolunda yaşanan bir çox xoşagəlməz hallar, AFFA rəhbərliyinin klubları “ögey” və “dogma”ya ayırması, eləcə də qurum daxilində baş verən digər neqativ hadisələr məhz E.Məmmədovun adı ilə bağlıdır. Məsələn, futbol həvəskarları mayın 19-da Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Neftçi”-“Qarabağ” oyunu zamanı da növbəti xoşagəlməz hadisənin şahidi olmuşdular. Hansı ki, bu oyun zamanı hakim qərəzli və sifarişli qərarları ilə “Qarabağ”ın qələbəyə gedən yolunun önünə böyük sipər çəkmişdi. Bunun isə AFFA-nın İcraçı vitse-prezidentinin sifarişi ilə baş tutduğu haqda çoxsaylı iddialar vardı…
Əlbəttə, ondan əvvəl istər futbol meydançalarında, istər də AFFA-da baş verən digər neqativ hadisələr zamanı kimsə Elxan Məmmədovu sorğu-suala çəkmədiyi kimi, “Neftçi”-“Qarabağ” oyunu ilə bağlı da ondan hesab soran olmadı. Çünki indi E.Məmmədov özünü ölkədə “hesab soran”, “toxunulmaz” bir şəxs hesab edir və arxası güclü olduğundan, kimsənin onu sorğu-suala çəkə bilməyəcəyinə düşünür. Görünür, elə bu səbəbdən də özünə sərf etməyəndə istədiyi komandanı asanlıqla sıradan çıxara bilir. Necə ki, “Qarabağ”ın uğurlarını, ardıcıl olaraq Premyer Liqanin qalibi olmasını həzm edə bilmədiyindən, illərdir ona qarşı mübarizə aparırdı. Nəticədə “qızıl oyun”da futbolun qızıl qaydaları nəzərə alınmadı və hakimin “Qarabağ”ın iki penaltisini aşkar şəkildə görməzdən gəlməsi “Neftçi”ni qalib etdi…
Təbii ki, “keçmiş keçmişdə qaldığından”, biz indi önümüzə -gələcəyə baxmalıyıq. O gələcəyə ki, orda, necə deyərlər, Elxan Məmmədovun “borusu ötmür”. Məsələn, Avropa Liqasının və ya Konfrans Liqasının qrupuna düşmək uğrunda mübarizə aparan Azərbaycan futbol komandalarının keçirdiyi oyunlara diqqət edək.
Əlbəttə, Azərbaycan Çempionu olan “Neftçi”nin Avropa Liqasının və ya Konfrans Liqasının qrupuna düşmək imkanı futbol mütəxəssisləri tərəfindən daha yüksək qiymətləndirilirdi. Bunun üçün finala bərabər üç görüşün, sadəcə, birində qələbə qazanmaq tələb olunurdu. Amma bakılılar həm “Olimpiakos”, həm HİK, həm də Hayfa “Makkabi”si önündə gücsüz oldu və yenə qrupa həsrət qaldı. Əvəzində, “Qarabağ” “Aşdod”, AEL və “Aberdin”i bir-birinin ardınca sıradan çıxarmaqla, ardıcıl olaraq 8-ci dəfə avrokuboklarda qrupa yüksəldi.
Təbii ki, biz AFFA-nın İcraçı vitse-prezidentinin istər “Neftçi”nin, istər də “Qarabağ”ın oyunlarını necə böyük həyacanla, qan-tər içində izlədiyini təsəvvür edirik. Lakin onun “sehirli çubuğu” burada işə yaramadığından, Premyer Liqa oyunlarında olduğu kimi nəticələrə təsir etmək gücündə deyildi.
İndi isə milli komandamızın oyunlarına gələk. İstisnasız olaraq deyə bilərik ki, Elxan Məmmədovun “şah əsəri” Azərbaycanın bütün yaş qrupu üzrə yığmalarının son oyunlarda göstərdiyi nəticələrdir. Hansı ki, sonuncu - İrlandiya ilə oyunu nəzərə almasaq, AFFA-nın İcraçı vitse-prezidentinin onlarla namizəd arasından seçdiyi Canni de Byazinin çalışdırdığı əsas yığma DÇ-2022-nin seçmə mərhələsinin ilk üç oyununda 1 xal da toplaya bilmədi. Üstəlik, sentyabrın 1-də səfərdə Lüksemburq kimi zəif bir komandaya uduzmaqla daha bir biabırçı nəticəyə imza atdı. Bu gün kimsəyə sirr deyil ki, Azərbaycanın xaricdə oynayan 5-6 futbolçusu var. Həmin futbolçuların heç birinin start heyətində yer almaması De Byazi ilə yanaşı, Elxan Məmmədovun da ayağına yazılmalıdır. Axı, italyan məşqçinin qızğın tərəfdarlarından biri də Məmmədovdur. Lüksemburqu da uda bilməyəndən sonra niyə seçmə mərhələyə qatılıb, özümüzü biabır edirik?!
Yeri gəlmişkən, döyüş meydanlarında yerlə yeksan etdiyimiz Ermənistanın yığma komandasının cari seçmə mərhələdə göstərdiyi fenomenal nəticələr də bir başqa dərddir. Təsəvvür edin ki, ermənilər Almaniya, Rumıniya, İslandiya və Şimali Makedoniyanın da yer aldığı qrupun lideridir və DÇ-nin final mərhələsinə yollanmağa namizədlərdən sayılır. Ermənistan DÇ-də oynasa, Azərbaycan futboluna rəhbərlik edənlər ölkə başçısı qarşısında nə cavab verəcəklər? Onlara sual verilməyəcəkmi ki, bəs, futbolun inkişafına yatırılan milyonlar hara xərclənib?! Digər tərəfdən, hətta onlardan bu pulların və biabırçı məğlubiyyətlərin hesabı sorulmasa belə, Ermənistan DÇ-də oynayarsa,an AFFA-nın bütün rəhbər şəxsləri başlarına ləçək bağlamaqdan başqa çarəsi qalmayacaq.
Azərbaycan futbolundakı daha bir faciəvi məqama diqqət edək. Yazımızın əvvəlində qeyd etdik ki, arxası güclü olduğundan E.Məmmədov özünü ölkədə “toxunulmaz” şəxs hesab edir. Əslində, bunu səbəbsiz yerə deməmişdik. Çünki o, əlindəki böyük kapital hesabına bütün rəqiblərini sıradan çıxara biləcəyini düşünür. Necə ki, vaxtilə prezidentin sabiq köməkçisi Əli Həsənov öz postunu qorumaq üçün mətbuata nəzarət edir, sosial şəbəkələrə böyük pullar xərcləyirdi, bu gün AFFA rəhbərliyi, konkret olaraq Elxan Məmmədov da könüllülər arasından seçilən “trol ordusu” saxlayır. Belə ki, yeniyetmə oğlanlar və qızlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək, istisnasız olaraq, yığmanın hər biabırçı oyunundan sonra uğursuzluğu pərdələməklə məşğul olurlar. Lüksemburqla oyundan sonra da eyni mənzərənin təkrarlanması Azərbaycan futbolunun həqiqi azarkeşlərini özündən lap çıxarıb. Təsəvvür edin ki, Lüksemburqa uduzmuşuq, amma AFFA-nın trolları yığmanın yaxşı oyunu ilə bağlı çeşidli statuslar yazırlar. Beləliklə, Əli Həsənovun Azərbaycan siyasəti üçün adi hala çevirdiyi “trol” anlayışını Elxan Məmmədov futbola da gətirib və bu taktikadan gen-bol yararlanır.
Son olaraq bir maraqlı məqama da diqqət edək. Söhbət “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin Elxan Məmmədovla yaxın dost olmasından gedir. Hansı ki, bu dostluğun hesabına R.Rəfiyev eyni zamanda agent-menecer işləri ilə də məşğuldur və ayrı-ayrı azərbaycanlı futbolçuların başqa ölkələrin klublarına satılmasında maraqlıdır. Təbii ki, belədə Rəfiyev himayə etdiyi futbolçuların daha çox reklam olunmasında, ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarında forma şansı qazanmasında maraqlı olmalıdır. Əlbəttə, bu səbəbdən Məmmədov-Rəfiyev münasibətlərinin Azərbaycan futbolunda dağıdıcı gücə çevrildiyi, futbolçuların real gücünə yox, tanışlıq-dostluq münasibətlərinə görə irəli çəkildiyi barədə ən müxtəlif söz-söhbətlərin yaranması təəccüb doğurmamalıdır.
RƏŞAD,
Hurriyyet.az

P.S. Azərbaycan millisinin 4-cü matçında İrlandiya ilə qarşılaşmada 1 xal qazanmasına gəldikdə, təbii ki, futbolçularımızın hər bir qələbəsi bizim üçün arzuolunandır. Lakin çox təəssüf ki, bu gün Azərbaycan futbolu şəxsi intriqaların qurbanına çevrildiyindən, bu cür təsadüfi qələbələr ümumi nəticəyə təsir etmir.
P.P.S. Son vaxtlaradək, istər AFFA rəhbərliyində, istər də cəmiyyətdə çoxlarına elə gəlirdi ki, “Qarabağ” təkcə oynadığı gözəl oyuna görə yox, həm də adına görə irəli çəkilir. Belə düşünülürdü ki, bu komandanın çempionluğu Azərbaycana işğal altında qalan torpaqlarımızla bağlı həqiqətləri dünyaya yaymaq üçün lazımdır, guya torpaqlar işğaldan azad olunandan sonra “Qarabağ” dəbdən düşəcək, uğurları daimi yox, təsadüfi xarakter daşıyacaq. Lakin güman edirik ki, “Qarabağ” son oyunları ilə bu düşüncələri də tamamilə alt-üst etdi...