Qazaxıstan Rusiyaya yardım əli uzadır - Rus neftini emal etmək üçün Moskva ilə danışıqlar gedir

Baxış sayı:
151

Qazaxıstan Rusiya neftinin öz neftayırma zavodlarında (NQZ) emal olunması və ardınca əldə edilən məhsulun daxili bazarda satılması, həmçinin bir hissəsinin Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə Moskva ilə danışıqlar həyata keçirir.

Bu barədə "Reuters" agentliyi Qazaxıstanın Energetika Nazirliyinə istinadla məlumat yayıb.

Nazirlikdən agentliyə bildirilib ki, hazırda Rusiya mənşəli xammalın emalı üzrə müzakirələr davam edir. Lakin qurum danışıqlarda iştirak edən konkret neftayırma zavodlarının adlarını, emal olunacaq neftin həcmini və şərtlərini açıqlamaqdan imtina edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya hökuməti ölkədə yaranan defisit fonunda benzin ixracına qoyulan qadağanın müddətini uzadıb. Ukrayna PUA-larının Rusiya NQZ-lərinə və neft infrastrukturuna endirdiyi zərbələrdən sonra, iyun ayından etibarən bu ölkədə ciddi yanacaq böhranı baş qaldırıb. Hazırda Rusiyanın demək olar ki, bütün regionlarında, işğal altında olan ərazilərdə və Krımda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, benzinin sərbəst satışına məhdudiyyətlər tətbiq olunub.

Rusiyadakı böhran Qazaxıstanın sərhədyanı regionlarına da təsir göstərib. İyulun 8-də Astana qonşu ölkələrdən avtomobillərin daxil olması və geriyə çıxışını sutkada maksimum 1 dəfə ilə məhdudlaşdırıb. Qazaxıstanın energetika nazirinin müavini Qayırxan Tutqışbayevin sözlərinə görə, son zamanlar Rusiya ilə sərhəddə yerləşən Qərbi Qazaxıstan, Aktobe və Pavlodar vilayətlərində yanacaq-sürtkü materiallarının istehlakı kəskin şəkildə artıb./azpolitika